"İlahi, bir qadın sevirdi məni…" | Mənalı və gözəl sevgi şeiri

 

Dünya bir qadındı, — daş- qaşıydı o.
Gözümə yığdığım göz yaşıydı o.
Sevdiyim bir gülün adaşıydı o,-
İlahi, bir qadın sevirdi məni.

 


Bəlkə bir yağışın içində qaldı…
Mən bəndə, o, Allah gücündə qaldı.
Getdi…barmaqlarım saçında qaldı…
İlahi, bir qadın sevirdi məni.

 


Mən də bu dərdinəm, yadın deyiləm,
Bəlkə tanrı idi, qadın deyirəm?!
Dayanın,- mən onun adın deyirəm,-
İlahi, bir qadın sevirdi məni…

 


Bəlkə suya dönüb, bulaqdan baxır?
Bəlkə yanımdadı,- qıraqdan baxır?..
Bəlkə bu yazdığım varaqdan baxır?-
İlahi, bir qadın sevirdi məni…

 


Axı neyləyəydi bir naşıyla o?
Getdi kədər adlı sirdaşıyla o…
Qoydu imzasını göz yaşıyla o,-
İlahi, bir qadın sevirdi məni..

 


Sıxmışam sinəmə xatirəsini,
Yağışlar yadıma salır səsini,
İlahi, nə vaxtsa rastıma çıxsa,
Ona bağışlaram son nəfəsimi.
İlahi, bir qadın sevirdi məni …

 

"İlahi, bir qadın sevirdi məni…" şeiri

Müəllif: Nuri Əlizadə.

 "İlahi, bir qadın sevirdi məni…" | Mənalı və gözəl sevgi şeiri

 

0 şərh